GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır
İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır
İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır
İran məktəblərində İngilis dilinin tədrisi ilə bağlı məhdudiyyətlərin artması, fars dilinin məcburi tədris olunması və türk dilinin qadağan olunması ilə birlikdə, İran Təhsil Nazirliyinin bir rəsmisi Çin dilinin İran məktəblərində xarici dil tədris listinə əlavə edilməsinin mümkünlüyünü açıqladı.
İranın Təhsil Araşdırma və Planlaşdırma Təşkilatının Tədris Planlaşdırma Bölümünün başçısı Əli Mühibbi, Çin dilini xarici dillər listinə əlavə etmək təklifləri barədə bunları söylədi: "Şübhəsiz xarici dil dediyimiz zaman, başqa bir rəsmi beynəlxalq xarici dil varsa, onu təsdiqlənmiş dillər listinə əlavə etməliyik."
O habelə öyrəncilərə təklif olunan dillər arasından xarici dil seçmək haqqının verildiyini iddia etdi. Baxmayaraq ki, ölkə əhalisinin təxminən 70% -ni təşkil edən qeyri-fars millətlər, öz ana dillərindən və onu təhsil dili olaraq seçmək hüququndan məhrumdurlar və Cənubi Azərbaycanda türk dilində təhsil tələb edən mədəni fəallar tutuqlama, həbs, sürgün və işgəncə ilə üzləşirlər.
İranda Çin dilinin tədrisi barədə danışıqlar elə halda ortaya qoyulur ki, İslam Respublikası rəsmiləri əvvəllər İngilis dilinin əhali tərəfindən sıcaq qarşılanmasından narazılığını bildirmişdilər. 2016-cı ildə İslam Respublikasının Rəhbəri İranın təhsil müəssisələrində İngilis dilinin yayğın olmasını tənqid edərək söyləmişdi ki: "indi iş elə bir nöqtəyə gəlib çatıb ki, İngilis dili uşaq bağçaların belə tədris olunur".
Əli Xameneinin bu sözlərindən sonra İran Təhsil Nazirliyi ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan etdi. Keçən ilin sentyabr ayında da İslami Məşvərət Məclisinin 57 üzvü İran Liderinin dediklərinə istinad edərək, ingilis dili dərslərinin bütün İran məktəblərindən çıxarılması üçün bir plan təqdim etdilər.
İran məktəblərində Çin dilinin xarici dillər listinə əlavə edilməsi məsələsi, Çinin İranın müxtəlif iqtisadi və siyasi sahələrinə girməsindən bəri daha da vurğulanmışdır.
Misal üçün, İngilis jurnalist Simon Watkins, bu yaxınlarda İran hökumətindəki mənbələrə istinadən bir məqalə yayımlayaraq mübahisə etmişdi ki Pekin ilə Tehran arasında 25 illik əməkdaşlıq müqaviləsi çərçivəsində, İran əvvəlcə İngilis dilinin yanında xarici dil olaraq çin dilini geniş tədris etməyə başlayacaq, ancaq tədricən ingilis dilinin ortadan qaldırılması ilə birlikdə Çin dili İran məktəblərində tədris ediləcək yeganə xarici dil olacaqdır.
Görünən odur ki, mövcud vəziyyətin davam etməsi ilə fars dili vacib olaraq məcburiyyətli bir şəkildə öyrətiləcək, Çin dili müstəhəb olaraq İran məktəblərində tədris ediləcək, türk dili isə haram bir dil kimi öyrənilməsi qadağan olaraq qalacaq.
Güney Azərbaycanda isə məktəblərdə və bilimyurdlarında Azərbaycan türkcəsinin tədris edilməsinin qadağan edilməsi, elə bir halda davam edir ki türklər ölkə əhalisinin təxminən yarısını təşkil edirlər.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
No comments:
Post a Comment