GünazTV July.15.2020: Minlərlə yürüşçü müharibə tələbi ilə Bakıda küçələrə çıxıb
2020-07-15 19:03
Minlərlə yürüşçü müharibə tələbi ilə Bakıda küçələrə çıxıb
Minlərlə Bakı sakini Azərbaycan ordusuna dəstək məqsədilə küçələrə çıxaraq, onlardan bəziləri Şəhidlər Xiyabanına və Milli Məclisin binasına doğru yürüş etdilər.
Yürüşçülər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdılar. Şəhidlər Xiyabanı qarşısında Azərbaycan dövlət himnini oxuyan yürüşçülər "Şəhidlər ölməz, vətən bölünməz", və "Qarabağ" şüarları səsləndirdilər.
Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu Bazar günü başladı. Çərşənbəyədək davam etməkdə olan bu döyüşlərdə Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və daha 6 hərbçisi şəhid olub və dörd gündür davam edən döyüşlərdə Azərbaycanın itkisi 11-ə çatıb. Ermənilər isə hələm həlak olanların sayını elan etməyiblər.
Yürüşçülər "Azərbaycan", "Qarabağ bizimdir, bizim olacaq" şüarları ilə yanaşı "Ali Baş Komandandan müharibə əmri verməsini istədiklərini" səsləndirdilər.
Bakıda şəhərin müxtəlif yerlərlərində də insanlar bir yerə toplaşaraq işğal olunmuş torpaqların azad edilməsi, Qarabağla bağlı şüarlar səsləndirdilər.
Ermənilərin saldırısına Cənubi Azərbaycandan da etirazlar gecikmədi və bir çox qrup bu saldırını qınayaraq Qarabağın azadlığı uğrunda müharibə üçün hazır olduqlarını bildirdilər.
Türkiyədən də reaksiya gecikmədi. "Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm", bu sözləri Türkiyə Prezidenti Recep Tayyip Erdoğan kabinet iclasından sonra mətbuat konfransında dedi.
"Yuxarı Qarabağın işğalından bəri davam edən gərginliyin Ermənistanın ehtiyatsız və sistematik hücumları səbəbilə qarşıdurmaya çevrilməsindən narahatıq", Anadolu xəbər agentliyi onun sözlərini iqtibas edib
Cənab Erdoğanın sözlərinə görə, hücumun Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhədlərdə, ağır silahlarla həyata keçirilməsi bu hadisənin Azərbaycana "qəsdən edilən bir hücum olduğunu göstərir.
"Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqdan əsla tərəddüd etməyəcək", o əlavə etdi.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da TRT-nin canlı yayımında bildirib ki, "Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına yığsın. Azərbaycan yalnız deyil".
"Biz Türkiyə Cümhuriyyəti olaraq və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq və Azərbaycanın torpaq bütünlüyünün qorunması məsələsində də bundan sonra da əlimizdən gələn tam dəstək verəcəyik", Çavuşoğlu qeyd edib.
Əhməd Haşimi, Günaz TV, Vaşinqton
https://www.facebook.com/GunazTv/videos/271525167437110/
https://www.youtube.com/watch?v=qKhVDIN7C04
https://www.gunaz.tv/az/new/gunaztv-july152020-minlerle-yuruscu-muharibe-telebi-ile-bakida-kucelere-cixib-1594825550
No comments:
Post a Comment